Manşet 22.08.2017 579

Yol hərəkəti təhlükəsizliyi və ilk tibbi yardım


Dünyada hər il 1,3 milyon insan (gündə 3500 nəfərdən çox) yol-nəqliyyat hadisələri zamanı həlak olur və onların yarısı avtomobildən istifadə etməyənlərdir. Hər il 25 yaşadək 400000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir.
Alkoqol, yolun pis işıqlandırılması, dəbilqələrdən, təhlükəsizlik kəmərlərindən istifadə edilməməsi, yol hərəkəti qaydalarına riayət olunmaması, piyadaların yolun qadağan olunmuş yerlərindən keçməsi – bu faktorlar insanların yol-nəqliyyat hadisələrində ölümcül travmalar almasına səbəb olur.
İlk yardım nədir?
Xəsarət alanlara vaxtında və düzgün göstərilmiş ilk yardım ölüm riskini xeyli azaldır. Buna görə ilk yardımın düzgün göstərilmə qaydalarına diqqət yetirməmiz vacibdir.
İlk tibbi yardım – gözlənilmədən xəstələnən və yaralanan insana müalicə olunana qədər və real imkanlar çərçivəsində göstərilən ilk köməkdir. İlk tibbi yardımı göstərən şəxs unutmamalıdır ki, görəcəyi iş müalicə deyil, adından da göründüyü kimi, ilk tibbi yardım göstərməkdir. İlk tibbi yardımın məqsədi yaralının vəziyyətini nəzarət altında saxlamaq, daha da pisləşməsinin qarşısını almaqdır.
 
Hadisə yerinə yaxınsınızsa, qəza iştirakçılarından birisinizsə, təcili tibbi yardım gələnə qədər aşağıda göstərilənləri etməniz vacibdir:

  • İlk əvvəl sakit olmağa çalışın.
  • İlk yardım barəsində məlumatınız yoxdursa, yaralıya toxunmayın.
  • Avtomobil qəzalarında ilk növbədə “103”ə zəng edin, təcili tibbi yardım çağırın.
  • Lazım gələrsə, “112”ə zəng edərək xilasedici çağıra bilərsiniz.
 
İlk tibbi yardım zamanı diqqət edilməli olan məqamlar
Kömək gələnə qədər əvvəlcə maşın işlək vəziyyətdədirsə, söndürün, maşından sızan benzin və ya hər hansı yanıcı maddəyə qarşı diqqətli olun, ətrafdakılara siqaret çəkməməyi bildirin. Maşının arxa və ön tərəfinə qəza dayanma nişanı quraşdıraraq digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin edin.
Qəzaya uğramış maşında sıxılıb qalmış yaralı olarsa, yardım gəlməmiş çıxarmağa çalışmayın və onu sakitləşdirin. Yaralı ilə kobud rəftar edilməməsinə çalışın, ona sadə suallar verərək, şüurunun yerində olub-olmadığını öyrənə bilərsiniz. Yaralı suallara məntiqli cavablar verirsə, deməli, şüurunu itirməyib.
İlk yardım:
 
  • Onurğa zədələrində
 
Onurğa yaralanması zamanı mütləq boyunluq bağlamaq lazımdır. Boyunluq bağlanana qədər yaralı ilə danışarkən belə, boynunu oynatmamağına diqqət yetirmək lazımdır. Tibbi yardım haqqında məlumatınız yoxdursa, təcili tibbi yardım maşını gələnə qədər yaralının yerindən tərpədilməsinə icazə verməmək ən doğru qərardır.
 
  • Qanaxmalarda
 
Qanaxma olarsa, ən asan üsul kimi yaranın üzərinə təmiz parça ilə basaraq dayandırmağa çalışın. Yaradan fontan şəkilli qan axarsa, yaradan yuxarı hissədən kəmər və s. ilə sıxıb qanı saxlayın. Kəməri bağladığınız vaxtı qeyd edin.
Şiddətli qanaxmaların vaxt itirmədən dayandırılması və qısa zamanda yaralının xəstəxanaya çatdırılması çox vacibdir. Yaradan qan axmasının qarşısını almaq üçün qanayan yeri möhkəmcə basmaq lazımdır. Qanın axması dayandıqda isə yaranın üzəri sarğı bezi ilə bir neçə dəfə sarılmalıdır. Sarğını açıb qanlı bezi və pambığı dəyişdirmək qanın laxtalanmasını və qanamanın dayanmasını gecikdirir.
 
  • Nəfəsalmada problemlər olanda
 
Tənəffüs yolları açıq olduğu halda beyindəki tənəffüs mərkəzi, sinir sistemi və ya tənəffüs əzələləri zədələnmiş ola bilər. Bu halda nəfəs alıb-verə bilməyən adama süni nəfəs vermək lazımdır.
Diqqət yetirin! Nəfəs alarkən tənəffüs səsi eşidilirmi, döş qəfəsi rahat şəkildə enib-qalxırmı, dodaqlarda göyərmə varmı – bunlara nəzarət etmək lazımdır. Yaralı yerdə yatırsa, dilinin arxaya gedib nəfəs almasına mane olmasın deyə, başını geriyə yatırıb yana doğru çevirin (boyuna mütləq diqqət yetirin!).
 
  • Nəbz itdikdə
 
Ürək döyüntüləri və nəbzə mütləq fikir verilməlidir. Nəbz yoxlanarkən yaralının təzyiqi aşağı ola bilər və nəbzin qoldan yoxlanılması çətinləşə bilər. Buna görə də nəbzin boyundan (şah damardan) yoxlanılması ən doğrusudur. Ürək dayanıbsa, yaralıya ürək masajı etmək lazımdır. Amma bu, çox çətin işdir və yalnız həkimlər, ya da ilkin tibbi yardım haqqında təlimat alan şəxslər tərəfindən edilməlidir.
 
  • Sümük qırıqları zamanı
 
Qırıqların başlıca əlamətləri ağrı və şokdur. Qırılmış qol və ya ayaq şişir, forması pozulur və toxunduqda ağrıyır. Yaralıda sınıq olduğundan şübhələnirsinizsə, həmin hissəni oynatmamalı, yaralı hərəkət etməməlidir. Sarğı bezi ilə qırıq hissəni sabit vəziyyətdə saxlamaq, ağrı və şişi az da olsa, azaltmaq üçün soyuq kompres tətbiq etmək faydalı olar.
 
 İlk tibbi yardım gələndə etdikləriniz haqqında onlara məlumat verin.
 
Qəza anında zəng edin:
  • “103” – ilk zəng ediləcək telefon nömrəsi olmalıdır. Azərbaycanın hər yerindən istər mobil, istərsə də ev telefonlarından pulsuz olaraq zəng edə bilərsiniz.
  • “112” nömrəli telefona maşında sıxılıb qalmış şəxs olduqda zəng edilməlidir.
 
Unutmayın! İlk yardım yarana biləcək əlilliklərin qaşısını ala bilər. Ən əsası isə həyat xilas edə bilər!

Video
Ən çox baxılanlar
Faydalı saytlar