Piyadalar üçün 14.12.2017 120

"Bakı-Sumqayıt yolundakı qəzalar piyada keçidlərinin az olması ilə bağlıdır"

Elməddin Muradlı: "Bu yolda ya kameralar artırılmalı, ya da hər addımda yol polisi dayanmalıdır”

"Bakı-Sumqayıt yolu paytaxtın şimaldan giriş qapısı rolunu oynadığına görə, bu yolda hərəkət intensiv olur”.
Bunu "Sherg.az”a Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən qəza hadisəsi ilə bağlı danışarkən "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. 
O bildirib ki, müqayisədə Bakı-Qazax yolunda daha çox qəza hadisəsi baş verir:
"Bu yolda demək olar ki, hər gün qəza, ölüm hadisəsi var. Əslində isə Bakı-Qazax yolu daha rahat, təhlükəsiz olmalıdır. Bakı-Sumqayıt yolunda problem yeraltı və yerüstü piyada keçidlərinin az olması ilə əlaqədardır. Lakin son bir neçə ay ərzində Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti həmin yolda 2 piyada keçidi istifadəyə verib. Demək olar ki, bu problemlər aradan qalxdı.
Lakin bəzi insanlar keçidlərdən istifadə etmir. Kimi deyir, keçidə qalxa bilmirəm, kimi deyir, düşə bilmirəm, bəziləri tələsirəm deyib, aradan çıxır və s. İnsanlar müxtəlif bəhanələrlə keçidlərdən istifadə etmir. Ona görə, düşünürəm ki, keçidlərin sayı daha çox olmalı idi. Azəravtoyol keçmiş Nəqliyyat Nazirliyindən fərqli olaraq, sadə konstruksiya ilə ucuz və tez başa gələn keyfiyyətli piyada keçidləri tikib. Ona görə, bir qədər belə keçidlərin sayının artırılması da qəzaları azalda bilər”.
Bakı-Sumqayıt yolunda ən çox qəzaları taksilərin törətdiyini deyən E.Muradlının qənaətincə, onlar radarların kameraların yerini əzbər bilir:
"Həmin radarları və kameraları keçən kimi yüksək sürət, təhlükəli manevrlər edirlər. Nəticədə yol nəqliyyat hadisələri baş verir. Yol Polisi xidmət apardıqda isə insanlar xoflanır ki, bir yolda nə qədər yol polisi olar? Yəni, həm deyirik, yol polisi gəzməsin, həm də qəzalardan şikayətlənirik. Sürücülərin psixologiyası Avropa psixologiyasına hesablanmayıb. Onlar sadəcə düşünür ki, kamera yoxdursa, nə istəsən edə bilərsən. Ona görə, Bakı-Sumqayıt yolunda ya kameralar artırılmalı, ya da hər addımda Yol Polisi dayanmalıdır”.
Qeyd edək ki, Bakı-Quba yolunun 23-ci kilometrliyində "Ford" markalı mikroavtobus yolu keçməyə çalışan 30-32 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Aysel Aslan

Video
Ən çox baxılanlar
Faydalı saytlar